“Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib
21 iyun 2022-ci il tarixində Şuşa şəhərində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi, ölkənin aparıcı banklarının rəhbərləri, habelə Azərbaycan Kredit Bürosunun rəhbəri Elçin Həbibov iştirak edib.
Görüşdə bank sektorunun çevikliyi, rəqabət qabiliyyətliliyi və innovativliyini nəzərə alaraq ianə mədəniyyətinin təşviqi, “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və biznes imkanlarının stimullaşdırmasında bankların rolu, Şuşanın resurs və infrastrukturuna əsaslanan investisiya və işgüzar potensialının təhlili, Qarabağda dövlət-özəl sektor tərəfdaşlığının imkanları, Qarabağda mədəni-tarixi abidələrin bərpası məsələləri müzakirə olunub.
Tədbirdən sonra Şuşa şəhərinin tarixi-mədəni obyektləri ilə tanışlıq məqsədilə tədbir iştirakçılarının ekskursiyası təşkil olunub.