FinScore
Skorinq statistik metodlara əsaslanan, borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən istifadəyə verilmiş xüsusi riyazi-statistik modeldir.
“FinScore” xidmətindən istifadə zamanı şəxsin cari skoru ilə yanaşı, skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini əldə etmək mümkündür.
Xidmət Büro tərəfindən Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə birgə əməkdaşlıq şəraitində hazırlanmışdır. Modelin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir (Gini əmsalı - 72.2). Beynəlxalq praktikada kredit büro skorlarında 70+ Gini əmsalı ən yüksək göstərici hesab edilir.
Skorinq modeli Büroda kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir və skor şkalası 1-1000 arasında qiymətləndirilir. Borcalanın skoru nə qədər yüksək olsa, krediti vaxtında qaytarmaq ehtimalı bir o qədər yüksəkdir deməkdir.
Skorinq sistemi istər borcalanlar üçün, istərsə də maliyyə institutları üçün kifayət qədər üstünlüklərə malikdir.
Maliyyə institutları üçün:
1. Kredit risklərinin daha dəqiq qiymətləndirilməsi;
2. Daha sürətli və dinamik qərarlar qəbul etmək;
3. Kredit şərtlərinin daha da əlçatanlığının təmin edilməsi;
4. Kredit limitinin daha dəqiq təyin edilməsi;
5. Borcalanın ödəniş qabiliyyətinin daha doğru şəkildə təyin olunması.
Borcalanlar üçün:
1. Kredit kartları və kreditlər üzrə aşağı faiz dərəcələrinin əldə olunması imkanı;
2. Borcalanlara obyektiv münasibət (eyni detallara sahib olanlar eyni skoru alır);
3. Daha qısa zaman və daha az sənədləşmə ilə kredit əldə etmək;
4. Kredit və ya kredit kartı limitinin daha tez və sürətli şəkildə artırılması.
Skorun hesablanması zamanı aşağıda qeyd olunan kateqoriyalar üzrə toplanılan məlumatlar iştirak edir:
1. Borcalanın əvvəlki dövrlərə olan ödəniş tarixçəsi və davranış performansı;
2. Hal-hazırda aktiv olan kreditləri və onların ödənişi ilə bağlı davranışları;
3. Kredit tarixçəsinin uzunmüddətliliyi və maliyyə institutları tərəfindən təyin edilmiş prosedurlara riayət etmə;
4. Kredit tarixçəsində olan kredit tipləri və onların təyinatı;
5. Yenilənən kreditləri və onlar üzrə davranış performansı;
6. Borcalanın demoqrafik məlumatları.
Borcalan kredit skorunun daha da yaxşı olması üçün yuxarıda qeyd olunan kateqoriyaları rəhbər tutmalıdırlar.