“Azərbaycan Kredit Bürosu” MMC-nin yenilənmiş internet saytı istifadəyə verilib

Press reliz | 23.03.2022

23 mart 2022-ci il tarixindən “Azərbaycan Kredit Bürosu” MMC-nin (Büro) rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, istifadəçilərin rahatlığının təmin edilməsi, məlumatlandırma kanallarının operativliyinin artırılması, habelə müasir tələblərə uyğun estetik dizaynın tətbiqi olmuşdur.

Yenilənmiş sayt (https://acb.az/) həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub. Yenilənmiş saytda AKB ilə onun məhsul və xidmətlərindən istifadə edən şəxslər arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, sistemin cari və potensial istifadəçilərinin zəruri məlumatlara çıxış imkanlarının yaxşılaşdırılması üçün müvafiq işlər görülmüşdür. Bu məqsədlə interfeysdə fərdi və biznes strukturları üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb.

Həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytın azərbaycan və ingilis dili versiyaları mövcuddur.

Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.