Azərbaycan Kredit Bürosu (AKB) 13-14 iyun tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” – Maliyyə və texnologiyalar sərgisində təmsil olunmuşdur

Press reliz | 16.06.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan və iki gün davam etmiş Sammit çərçivəsində AKB tərəfindən ötən il istifadəyə təqdim olunan və vətəndaşlar tərəfindən kifayət qədər böyük maraqla qarşılanmış “Findoc” portalı barədə sərgi iştirakçılarına məlumat təqdim edilmişdir. Sammit iştirakçıları üçün kredit tarixçələrinin elektron formada əldə edilməsi üçün portaldan onlayn qeydiyyatla yanaşı, fiziki olaraq qeydiyyatdan keçmək üçün də şərait yaradılmış və portal barədə bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Findoc.az portalı Büronun məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə toplanmış bütün borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır. Portalın hal-hazırda təklif etdiyi xidmətlər arasında kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi, kredit hesabatının Büronun rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi, habelə kredit tarixçəsi üzrə məlumatların mübahisələndirilməsi imkanı mövcuddur.

Portal 7/24 əsaslarla fəaliyyət göstərir və kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.


Findoc – sənin kredit hekayən.