Azərbaycan Kredit Bürosunun əməkdaşları “Maliyyə Savadlılığı” proqramı çərçivəsində universitet tələbələrinə təlim keçmişdir

Press reliz | 06.12.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda istehlakçıların maliyyə savadlılığının artırılması istiqamətində işlər görür və davamlı olaraq tədbirlər təşkil edir.

Bu tədbirlərin davamı olaraq 06 dekabr 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetin tələbələrinə “Maliyyə Savadlılığı” proqramı üzrə “Kredit tarixçəsi” mövzusu ilə bağlı təlim təşkil edilmişdir. Təlim Azərbaycan Kredit Bürosunun (AKB) İstehlakçılarla iş şöbəsinin rəhbəri İlkin Ağayev və baş hüquqşünas Yusif Ağayev tərəfindən təqdim edilmişdir.

“Kredit tarixçəsi” təlimində kredit bürosuna ümumi baxış, AKB-nin yaranması və tarixçəsi, xidmətləri, əhatə dairəsi, kredit tarixçəsini təşkil edən məlumatlar, qanunvercilik, kredit tarixçəsinin alınması üsulları və kredit tarixçəsinin mübahisələndirilməsi mövzuları ilə bağlı detallı məlumat verilmişdir.

Bildirilmişdir ki, əsası 2018-ci ildə 8 təsisçi bank tərəfindən qoyulan AKB, hal-hazırda 230-dan artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

Daha sonra auditoriyanı maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.