Azərbaycan Kredit Bürosu (AKB) 15-16 may tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2024” – Maliyyə və texnologiyalar expo tədbirində təmsil olunmuşdur

Press reliz | 20.05.2024

15-16 may tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2024” Maliyyə və texnologiyalar expo tədbirində AKB tərəfindən 2022-ci il istifadəyə təqdim olunan və vətəndaşlar tərəfindən kifayət qədər böyük maraqla qarşılanmış “Findoc” portalı barədə sərgi iştirakçılarına məlumat təqdim edilmişdir. Sammit iştirakçıları üçün kredit tarixçələrinin elektron formada əldə edilməsi üçün portaldan onlayn qeydiyyatla yanaşı, fiziki olaraq qeydiyyatdan keçmək üçün də şərait yaradılmış və portal barədə bütün suallar ətraflı şəkildə cavablandırılmışdır. Həmçinin AKB-nin yeni xidmətləri olan FinScore və Finvision məhsulları barəsində sərgi iştirakçılarına ətraflı məlumat verilmiş və sərgi iştirakçılarının öz fərdi kredit reytinqi olan skorunun yoxlanılması imkanı yaradılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Findoc portalı Büronun məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə toplanmış bütün borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır.

Portalın hal-hazırda təklif etdiyi xidmətlər aşağıdakılardır:

- kredit tarixçəsi;

- skor hesabatı;

- kredit tarixçəsinin mübahisələndirilməsi;

- kredit tarixçəsinə yazılmış gecikmə günləri ilə bağlı emaillə bildirişin əldə edilməsi;

- kredit hesabatının PDF formatında əldə edilməsi;

- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi.

Findoc-dan qeydiyyatdan keçmək üçün:

1.   https://findoc.az/ portalına daxil olunur;

2.   Qeydiyyat üçün tələb olunan şəxsi və əlaqə məlumatları əlavə edilir;

3.   Razılıq ərizəsi SİMA və ya Asan imza ilə imzalanır;

4.   Müvafiq xidmət seçilərək istifadə olunur.

Portal 7/24 əsaslarla fəaliyyət göstərir və kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.

Hal-hazırda Findoc portalının istifadəçi sayı 75 mini keçmişdir.

Maliyyə infrastrukturunun mühüm elementlərindən biri olan AKB Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 23 bank, 24 ləğv prosesində olan bank, 54 bank olmayan kredit təşkilatı, 9 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 37 kredit ittifaqı, 1 ləğv prosesində olan kredit ittifaqı, 18 lizinq şirkəti, 15 sığorta şirkəti, 7 ləğv prosesində olan sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru, 42 nisyə mal alqı-satqısı ilə məşğul olan şirkət, 4 faktorinq, 1 kollektor və 1 lombard şirkəti olmaqla 248 təşkilatla məlumat mübadiləsi həyata keçirir.

 

Findoc – sənin kredit hekayən.