Azərbaycan Kredit Bürosu (AKB) 03-04 dekabr tarixlərində Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq forumunda təmsil olunmuşdur

Press reliz | 09.12.2024

03-04 dekabr tarixlərində Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq - “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” forumunda Azərbaycan Kredit Bürosunun ilk biznesdən müştəriyə platforması olan Findoc platforması da təmsil olunmuşdur. Forum iştirakçılarına rəqəmsal kredit tarixçələrinin əldə edilməsi üçün “Findoc” portalından (Portal) onlayn qeydiyyatla yanaşı fiziki olaraq qeydiyyatdan keçmək üçün də şərait yaradılmış və Portal barədə bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Portal AKB-nin məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə kredit təşkilatlarında toplanmış borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır.

Portalın hal-hazırda təklif etdiyi xidmətlər aşağıdakılardır:

- kredit tarixçəsi;

- skor hesabatı;

- kredit tarixçəsinin mübahisələndirilməsi;

- gecikmə günləri ilə bağlı bildiriş;

- kredit hesabatının PDF formatında əldə edilməsi;

- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

- kredit hesabatının AKB-nin rəsmi e-mail ünvanından digər e-mail ünvanına yönləndirilməsi.

https://findoc.az/ səhifəsinə daxil olmaqla qeydiyyatdan keçən şəxslər ildə iki dəfə ödənişsiz kredit və skor hesabatını əldə edə bilər. İstifadəçi sayı 100 min nəfərə yaxın olan Portal 7/24 əsaslarla fəaliyyət göstərir.

Eyni zamanda, AKB-nin yeni xidmətləri olan “FinScore” və “FinVision” məhsulları barədə də sərgi iştirakçılarına ətraflı məlumat təqdim edilmişdir.

AKB-nin tərəfdaşları beynəlxalq təcrübədə geniş istifadə olunan bençmarkinq hesabatı formatında hazırlanmış “FinVision” vizual analitika portalı vasitəsilə öz portfel məlumatlarının müxtəlif sektor və seqment qrupları üzrə bazar iştirakçıları ilə müqayisəli təhlilini apararaq bazar paylarının mövcud vəziyyəti barədə ətraflı məlumat əldə etmək imkanı qazanırlar. Maliyyə institutları müvafiq hesabatlardan qısa, orta və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması, risk strategiyalarının hazırlanması və qiymətləndirilməsi, həmçinin bazara yeni məhsul və xidmətlərin çıxarılması zamanı hərtərəfli təhlilin aparılması məqsədilə istifadə edə bilər.

AKB tərəfindən yeni istifadəyə verilmiş skorinq xidməti - "FinScore” borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə xüsusi riyazi-statistik model əsasında hazırlanmışdır. Yeni xidmətdən istifadə zamanı həm tərəfdaşlar, həm də Portal vasitəsilə vətəndaşlar şəxsin cari skoru ilə yanaşı, skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini də əldə edir. Türkiyənin Kredi Kayıt Bürosu ilə birgə əməkdaşlıq şəraitində hazırlanmış skorinq modelinin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir (Gini əmsalı - 72.2).

Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 250-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. Eyni zamanda, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.