Bakıda "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilmişdir
23 iyun 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Kredit Bürosunun təşkilatçılığı ilə“Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı” keçirilmişdir.
“Məlumatdan Qərarlara: Kredit Bürolarının Gələcəyi” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu (AKB), Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE), banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak etmiş, kredit qərarlarının verilməsi zamanı kredit hesabatlılığın və skorinqin rolu, risklərin idarə edilməsi, data iqtisadiyyatı, süni intellekt, identifikasiya alətləri və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunmuşdur.
Konfransda ACIPE üzv olan 9 ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Moldova, Gürcüstan və Ukraynanın kredit bürolarının rəhbər və işçi heyəti iştirak etmişdir.
Tədbirdə maliyyə sabitliyinin və inklüzivliyinin dəstəklənməsində mühüm rol oynayan kredit məlumat təchizatçılarının inkişaf istiqamətləri, nailiyyətləri və çağırışlar, həmçinin müvafiq təşkilatlar tərəfindən təklif edilən məhsul və xidmətlər üzrə fikir mübadiləsi aparılmış və potensial əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Xatırladaq ki, idarəetmə orqanında Azərbaycan Kredit Bürosunun da təmsil olunduğu ACIPE-nin əsası 17 aprel 2018-ci il tarixində Bakı şəhərində qoyulmuşdur. Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlılığı üzrə əməkdaşlığın möhkəmləndirilməsidir.