Azərbaycan Kredit Bürosu (AKB) 24-25 iyun tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2025” – Maliyyə və texnologiyaları expo tədbirində təmsil olunmuşdur

Press reliz | 25.06.2025

24-25 iyun tarixlərində Bakıda keçirilən “FİNTEX SAMMİT 2025” Maliyyə və texnologiyaları expo tədbirində Azərbaycan Kredit Bürosunun ilk biznesdən müştəriyə platforması olan Findoc platforması da təmsil olunmuşdur. Sammit iştirakçılarına rəqəmsal kredit tarixçələrinin əldə edilməsi üçün “Findoc” portalından (Portal) onlayn qeydiyyatdan keçmək üçün şərait yaradılmış və Portal barədə bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Portal AKB-nin məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə kredit təşkilatlarında toplanmış borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır.

Portalın hal-hazırda təklif etdiyi xidmətlər aşağıdakılardır:

- kredit tarixçəsi;

- skor hesabatı;

- kredit tarixçəsinin mübahisələndirilməsi;

- gecikmə günləri ilə bağlı bildiriş;

- kredit hesabatının PDF formatında əldə edilməsi;

- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi.

https://findoc.az/ səfihəsinə daxil olmaqla qeydiyyatdan keçən şəxslər ildə iki dəfə ödənişsiz kredit və skor hesabatını əldə edə bilərlər. İstifadəçi sayı 136 min nəfərə yaxın olan Portal 7/24 əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 265-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. Eyni zamanda, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.