Azərbaycan Kredit Bürosunun (AKB) nümayəndə heyəti “Banking Risk Management Summit” və “Digital Banking & Open Banking” tədbirlərində təmsil olunmuşdur
AKB-nin Baş direktoru Elçin Həbibovun rəhbərlik etdiyi nümayəndə heyəti 26–28 noyabr 2025-ci il tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “Banking Risk Management Summit” və “Digital Banking & Open Banking” tədbirlərində iştirak etmişdir. Sözügedən sammitlər bank-maliyyə sektorunda risklərin idarə olunması, açıq bankçılıq və rəqəmsal transformasiya mövzularını əhatə etmişdir.
Forum çərçivəsində iştirakçılar bank risklərinin idarə edilməsi, geosiyasi risklər, süni intellektin idarəetmədə tətbiqi, modelləşdirmə, kredit portfellərinin qiymətləndirilməsi və müasir açıq bankçılıq yanaşmaları ilə bağlı panel və müzakirələrdə iştirak etmişlər. Tədbirin geniş proqramında Avropa və dünyanın aparıcı bank və maliyyə qurumlarının təcrübələri təqdim olunmuş, sektorda innovativ texnologiyaların və risklərin idarə edilməsində süni intellekt həllərinin tətbiqi müzakirə edilmişdir.
Tədbir çərçivəsində AKB-nin təqdimatı xüsusi maraqla qarşılanmışdır. Təqdimat AKB-nin məhsul sahibi Kamal Mirzəyev tərəfindən təqdim edilmiş və auditoriyaya maliyyə sektorunda risklərin idarə olunmasında analitikanın rolu, skorinq yanaşmaları və portfel monitorinqində istifadə olunan həllər barədə ətraflı məlumat verilmişdir. Çıxış zamanı Kamal Mirzəyev bu həllərin banklara qərarvermə prosesini gücləndirmək, kredit portfellərini daha dəqiq qiymətləndirmək və bazar dinamikasını izləmək baxımından yaratdığı üstünlükləri vurğulamışdır.