Azərbaycan Kredit Bürosu ilə Qazaxıstanın “First Credit Bureau” arasında görüş keçirilmişdir

Press reliz | 08.05.2026

Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru cənab Elçin Həbibov Qazaxıstan Respublikasına həyata keçirdiyi işgüzar səfər çərçivəsində ölkənin aparıcı kredit bürolarından biri olan “First Credit Bureau”-nun Baş direktoru cənab Aidos Bekov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş Azərbaycanın sədrlik etdiyi Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE) çərçivəsində təşkil olunmuş və Qazaxıstan Respublikasının paytaxtı Almatı şəhərində baş tutmuşdur. Sözügedən görüş kredit məlumatları sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və regional tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində tərəflər kredit bürolarının fəaliyyət istiqamətləri, mövcud bazar təcrübələri və sektorun inkişaf meyilləri ətrafında geniş fikir mübadiləsi aparmışlar. Eyni zamanda kredit məlumatları infrastrukturunun inkişafı, məlumat ekosistemlərinin genişləndirilməsi və müasir analitik yanaşmaların tətbiqi ilə bağlı yanaşmalar müzakirə olunmuşdur.

Bununla yanaşı, kredit hesabatlığı sahəsində innovativ texnologiyaların rolu, məlumat əsaslı qərarvermə imkanlarının gücləndirilməsi və maliyyə sektorunda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.