Büro kredit risklərinin azaldılmasına xidmət edir
Kredit bürosunun başlıca məqsədi kredit məlumatlarının mövcudluğunu, keyfiyyətini təmin etmək və kreditorların daha düzgün qərarlar verməsi istiqamətində onlara köməklik etməkdir.
Büronun əsas fəaliyyət istiqaməti məlumat təchizatçılarından topladığı məlumatları toplamaq, təhlilini aparmaq və istifadəçilərin sorğusu əsasında kredit hesabatı və digər bir sıra xidmətlər formasında təqdim etməkdən ibarətdir. Belə ki, kredit təşkilatları kredit hesabatını əldə etməklə öz potensial borcalanlarının son 10 il ərzində mövcud olan bütün növ kredit öhdəlikləri barədə detallı məlumat əldə etmiş olurlar. Bu hesabat vasitəsilə kredit təşkilatları gələcək risklərini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək imkanı əldə edirlər.
Eyni zamanda Büro hər bir kredit təşkilatına fiziki şəxslərin və fərdi sahibkarların skor göstəriciləri barədə də məlumat əldə etmək imkanı yaratmışdır. Bu hesabat vasitəsilə kredit təşkilatları borcalanın maliyyə öhdəliyi üzrə fərdi reytinqini əldə edir və kredit hesabatının ümumiləşdirilmiş forması olan bu hesabat vasitəsilə riskləri daha qısa zaman kəsiyində qiymətləndirmək mümkün olur.