Kredit Hesabatı Kredit Hesabatı

Kredit hesabatı - "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanunla icazə verilən məqsədlər və həcm daxilində məlumat istifadəçilərinə kredit tarixçəsindən verilən məlumata deyilir.


Kredit hesabatını necə əldə etməli?

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunun 13.2-ci maddəsinə əsasən kredit tarixçəsinin subyekti olan fiziki və hüquqi şəxslər qanunvericiliyə uyğun olaraq kredit hesabatlarını almaq hüququna malikdirlər. “Azərbaycan kredit bürosuna məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”nın 3.10-cu bəndinə əsasən isə kredit tarixçəsinin subyektləri özləri haqqında Büroda olan məlumatları rəsmi müraciət edərək ildə iki dəfə heç bir haqq ödəmədən, sonrakı hər bir çıxarış üçün isə 1 manat məbləğində haqq ödəməklə əldə edə bilərlər. Məlumat istifadəçiləri müraciət etməklə Bürodan məlumatları yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında aşağıdakı üsullarla əldə edə bilərlər:


1. Findoc kabinet vasitəsilə;


2. Elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında

Kredit tarixçəsinin subyektləri özləri haqqında məlumatları elektron formada əldə etmək üçün Büronun internet səhifəsində göstərilən elektron ünvana elektron imza ilə təsdiq edilmiş ərizə ilə müraciət edirlər. Büro tərəfindən məlumatlar müraciətdə göstərilən ünvana elektron formada və ya müraciət edənin arzusu ilə müraciətdə göstərilən poçt ünvanına göndərilir.


3. Notariat qaydasında təsdiq edilmiş distant sorğu göndərməklə

Kredit tarixçəsinin subyektləri özləri haqqında məlumatların əldə edilməsi üçün notariat qaydasında təsdiq edilmiş distant sorğu ilə Büronun poçt ünvanına müraciət etdikdə, Büro tərəfindən məlumatlar müraciətdə göstərilən ünvana poçt vasitəsilə göndərilir. Distant sorğu müraciəti forması notarial qaydada təsdiq olunmaqla şəxsiyyət vəsiqəsinin nüsxəsi ilə birlikdə təqdim edilməlidir.


4. Şəxsən (hüquqi şəxsin qanuni nümayəndəsi) və ya vəkalətli nümayəndəsi vasitəsilə;

Kredit tarixçəsinin subyektləri şəxsən müraciət etdikdə şəxsiyyət vəsiqələrinin əsli ilə, qanuni nümayəndə vasitəsi ilə müraciət etdikdə isə etibarnamə və şəxsiyyət vəsiqəsinn əsli ilə Büronun 1 saylı (Bakı şəhəri, Akademik Həsən Əliyev küç. 36) "ASAN Kommunal" mərkəzində xidmət göstərən əməkdaşlarına müraciət etməklə kredit tarixçəsini əldə edə bilər. Bu üsulla müraciət edildikdə Bürodan sorğuya cavab aşağıdakı sənədlər təqdim edilməklə və “Sorğuların təqdim edilməsi jurnalı”nı imzalamaqla əldə edilir:

4.1. Fiziki şəxslər üçün:

barəsində sorğu edilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;

fərdi sahibkarın VÖEN-ni əks etdirən sənədin surəti;

nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.

4.2. Hüquqi şəxslər üçün:

VÖEN-i əks etdirən sənədin surəti;

müraciət edən şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti (müəssisənin möhürü ilə birgə).

Bürodan çıxarış 2 formada təqdim edilir:

Kağız daşıyıcıda, Büronun məsul şəxsi tərəfindən möhürlənmiş və imzalanmış formada;

Elektron sənəd formasında-qanunvericiliyə uyğun olaraq Büronun məsul şəxsi tərəfindən imzalanmış elektron imza ilə.



Azərbaycan Kredit Bürosundan çıxarış aşağıdakı bölmələrdən ibarətdir:

• borcalanın şəxsi məlumatları;

• kredit məlumatlarının icmalı;

• borcalan haqqında edilmiş sorğular barədə məlumat;

• borcalanın aktiv öhdəlikləri;

• borcalanın bağlanmış öhdəlikləri;

• borcalanın zamin olduğu olduğu öhdəliklər


Borcalanın şəxsi məlumatları

Borcalanın şəxsi məlumatları hissəsində fiziki şəxsin adı, soyadı, atasının adı , hüquqi şəxsin adı, VÖEN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ünvanı, doğum tarixi və yeri, kredit skoru öz əksini tapır.


Kredit məlumatlarının icmalı

Bu bölmədə borcalanın kredit öhdəliklərinin növləri (kredit, kredit xətti, qarantiya) üzrə bütün aktiv və tam ödənilmiş kreditlərinin, borcalanın zamin olduğu öhdəliklərin manat ekvivalentində icmalı təqdim edilir.


Borcalan haqqında edilmiş sorğular barədə məlumat

Bu bölmədə Şəxs haqqında son 12 ay ərzində edilmiş sorğuların sayı, cavablandırılma tarixi və məqsədi, sorğu etmiş təşkilatların adı (bu hissə yalnız şəxsin özünə açıqlanır) qeyd edilir.


Borcalanın aktiv öhdəlikləri

Hesabatın aktiv öhdəliklər bölməsində borcalanın hər bir aktiv öhdəliyi üzrə daha ətraflı məlumatlar, o cümlədən öhdəliyin forması, valyutası, müddəti, verilmə və bitmə tarixi, məqsədi, ödəniş tərzi öz əksini tapır.


Borcalanın bağlanmış öhdəlikləri

Bu hissədə borcalanın tam ödənilmiş öhdəliklərinin hər biri haqqında ətraflı məlumat verilir.


Borcalanın zamin olduğu öhdəliklər

Bu hissədə borcalanın zamin olduğu bütün öhdəliklər barədə məlumatlar öz əksini tapır. Borcalanın zamin olduğu öhdəliklərin sayı 50-dən artıq olduqda ilk 50 kredit üzrə tam, digərləri üzrə isə icmallaşdırılmış məlumat verilir.