Kredit tarixçəsinin mübahisələndirilməsi Kredit tarixçəsinin mübahisələndirilməsi


Əgər Siz kredit hesabatınızda qeyd olunan məlumatların səhv olduğunu düşünürsüzsə, səhv hesab etdiyiniz məlumatı mübahisələndirmək hüququna maliksiniz. Bunun üçün ilkin mərhələdə Büroya müraciət edib kredit hesabatınızı əldə etməklə haqqınızda səhv məlumatı daxil etmiş məlumat təchizatçısının (bank, bokt, kredit ittifaqı və s.) adını dəqiqləşdirirsiniz.

Kredit hesabatının alınması barədə daha ətraflı “Findoc kabinet” linkindən istifadə etməklə məlumat əldə etmək olar.

Kredit hesabatını əldə etdikdən sonra səhvin düzəldilməsi üçün haqqınızda səhv məlumat daxil etmiş məlumat təchizatçısına müraciət edirsiniz.

Məlumat təchizatçısına etdiyiniz müraciətdə səhv hesab etdiyiniz məlumat barədə ətraflı qeyd etməklə, şəxsiyyətinizi təsdiq edən sənədin surətini və Bürodan əldə etdiyiniz kredit hesabatını təqdim edirsiniz. Bu zaman məlumat təchizatçısı:

1. Müraciətinizdə əks olunan iddialarla razıdırsa, daha öncə Büroya səhv təqdim etdiyi məlumata dəyişiklik edilməsi üçün Büroya rəsmi müraciət edir və bu barədə sizi məlumatlandırır.

2. Büroya təqdim etdiyi məlumatın doğru olduğunu iddia edərsə, dəyişiklikdən imtina edilməsi barədə sizə əsaslandırılmış cavab verir. Əgər sizə verilən cavabla qane olmasanız, məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.


Məlumat təchizatçısına birbaşa müraciət imkanları məhdud olduqda


Əgər məlumat təchizatçısına birbaşa müraciət etmək imkanlarınız məhduddursa, o zaman Büronun köməyindən istifadə edə bilərsiniz. Bunun üçün "Azərbaycan Kredit Bürosuna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”na Əlavə 5-i hazırlamaqla yazılı və ya "Şikayət və Təkliflər" bölməsindən Büroya elektron müraciət edə bilərsiniz. Büro müraciəti aldıqdan sonra məlumatın düzgünlüyünün yoxlanılması üçün məlumat təchizatçısına sorğu göndərir. Sorğunu almış məlumat təchizatçısı Büroya təqdim etdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya səhvin aradan qaldırılması barədə Büroya məlumat göndərir.


Büro sistemində məlumatlara düzəliş edilməsi


Qanunvericiliyin tələblərinə əsasən Büro sistemində məlumatlar üzərində hər hansı dəyişiklik yalnız 2 halda aparıla bilər:

• Məlumat təchizatçılarının rəsmi müraciəti olduqda

• Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.